Sumqayıt Dövlət Universitetində orqan donorluğu ilə bağlı maarifləndirici tədbir keçirilib. Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Elmar Xəlilov tədbiri giriş nitqi ilə açaraq bildirib ki, orqan donorluğu insan həyatının xilası ilə birbaşa bağlı mühüm və həssas mövzudur və bu istiqamətdə maarifləndirmə işlərinin aparılması ali təhsil müəssisələrinin də sosial məsuliyyətidir.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin (ODTKM) sədri Yeganə Abbasova çıxışında Mərkəzin fəaliyyəti, şəffaflıq mexanizmləri və əsas məqsədləri barədə məlumat verib. O, qeyd edib ki, Mərkəz orqan donorluğu və transplantasiya prosesinin qanunvericiliyə tam uyğun, şəffaf, ədalətli və mərkəzləşdirilmiş qaydada təşkilini təmin edir. Donorun müəyyənləşdirilməsindən başlayaraq orqanların bölgüsünə qədər bütün mərhələlər ciddi tibbi protokollar, beynəlxalq standartlar və etik normalar əsasında həyata keçirilir.
Mərkəz sədri bildirib ki, Azərbaycanda müvafiq qanunvericilik bazası formalaşdırıldıqdan sonra bu sahədə sistemli və ardıcıl addımlar atılıb. 2023-cü ilin yanvar ayında fəaliyyətə başlayan Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi qısa müddətdə təşkilati mexanizmləri quraraq prosesin effektiv idarə olunmasını təmin edib.
Mərkəzin həkim- koordinatoru Mehriban Əliyeva çıxışında orqan donorluğunun əhəmiyyətini, tibbi və etik tərəflərini ətraflı izah edib. O, qeyd edib ki, ağır böyrək, qaraciyər və ürək çatışmazlığından əziyyət çəkən xəstələr üçün transplantasiya çox zaman yeganə çıxış yoludur. Donorun verdiyi qərar sayəsində illərlə dializ aparatına bağlı yaşayan və ya ağır xəstəliklə mübarizə aparan insanlar yenidən sağlam həyata qayıdır, ailələrinə və cəmiyyətə qovuşurlar.
Tədbir interaktiv müzakirələrlə davam edib. Tələbələrin sualları cavablandırılıb, orqan donorluğunun tibbi, hüquqi və etik tərəfləri barədə fikir mübadiləsi aparılıb. Aktiv iştirak edən tələbələrə simvolik hədiyyələr təqdim olunub.